27 Eylül 2008 Cumartesi

Azərbaycanlının “inkişaf” yolu...

Neçə illərdir azərbaycanlıların konkret inkişaf yolu insanlıq üçün çox maraqlı qalmaqdadır. Bəzi alimlər hələ də sübut edə bilməyiblər ki, necə olar bilər ki, bir dəfə özün üçün mütləq hansısa bir tərzi qəbul edəsən və bu yolnan da sona kimi gedəsən. Azərbaycanlılar söyməyə və söyüşə çox qəribə bir baxışları var, elə bəlkə də özlərinə bu yoldan əl çəkməməyə söyüş qoyduqları üçün mentalitet ağacının budaqlarını qırmağa cəhd etmirlər.
Yeni bir uşaq dünyaya gəlir. Ailədə uzun-uzadı bir müzakirə və mübahisələrdən sonra bir ad vermək qərara alınır. Ana deyir ki, uşağın adı rəhmətlik dədəmin adı olan Lazım olmalıdır, kişi isə babasının adını ortaya salaraq Gülalı olmasını istəyir. Bəli, demokratik ailə sonda demokratik bir qərar verərək uşağın adını Lazımgül qoyurlar. Maraqlıdır, təsadüfən bu uşaq gələcəkdə adam kimi bir adam olarsa öz adından necə utanacağını valideyinləri heç düşünmək belə istəmirlər, əsas olan onların dedikləridir, və buradan da uşağa diqtə etməyin ilk toxumları səpilir.
Lazımgül böyüyür, artıq baxçaya getməyə başlayır, atası isə hər axşam işdən gələndən sonra övladını oynadır və ona “köpək oğlu” kimi ilk ibtidai söyüşləri öyrətməyə başlayır, evə gələn qonaqları isə uşaq gördükdə atası “əmini söy bir dənə” deyərək uşağının bacarıqlarını göstərmək istəyir, uşaq isə birtəhər bunu dedikdən sonra atasının “kişi qırığıdır e bu” deyərək gözlərindəki qürur hissini bir anlıq görmək lazımdır. Lazımgül daha öz məqsədlərini anlamalıdır. Anası ona “böyü, sənə qızı özüm seçəjəm”, atasının isə “sənə maşın alajam, ev alajam” kimi bir məqsədlərə kökləməyə başlayırlar, artıq uşaq getdikcə anasının sözləri ilə beynində “halal süd əmmiş, qeyrətli ev qızı”, atasının fikirləri ilə də “əsl kişi və peysər” anlayışlarını özündə formalaşdırmağa başlayır. Uşaq 1-ci sinifə gedəndə artıq özündə bir çox cəmiyyət üçün şablon keyfiyyətləri formalaşdırmağa başlayır. Uşaq saymağı maşınların markalarını əzbərləməklə öyrənir, 11-ci sinifə çatdıqda isə maşının ayrı-ayrı hissələri haqqında o qədər biliyə malik olur ki, “motorist” sözünü 2-3 qrammatik səhvlə yazmasına baxmayaraq, rahatlıqla bu peşəyə sahib ola bilir, amma olmaz, azərbaycanlılar “bizim uşaq da hamı kimi institut oxumalıdır, yoxsa qohum-əqrəbədən ayıbdır” utancı ilə yaşaya bilməzlər axı. Bundan sonra ağızdan-burundan kəsilən pulnan uşaq repetitorlarla hazırlaşmağa göndərilir, məktəbdə isə direktora pul verilir ki, bizim uşağa dərs lazım deyil, al, bu pulu, uşağa dəyib-dolaşma. Bunu ancaq azərbaycanlılar bacara bilərlər, yerli-yersiz rüşvət vermək bu xalq üçün bir hobbiyə çevrilib sanki. Bəli, qəbul imtahanları yaxınlaşır, bir həftə əvvəldən kənddən nənəsi və babası da gəlir, bütün nəsil uşaqdan nəticə gözləyir, imtahan günü isə binanın qarşısında Lazımgülü dəstəkləməyə gələn qohum-əqrəbələri onu imtahan veriləcək yerə elə bir göz yaşı ilə yola salırlar ki, yazıq Lazımgül imtahana yox, evdə ona aşılanan axirət imtahanına getdiyini düşünür. Yanında oturan birindən köçürdür və oğlan artıq qəbul olur, qəbul olubsa deməli, savadlıdır, artıq o nəslin gözüdür, çünki valideyinləri düşünür ki, sabah hansı qapıya getsələr “oğlumun diplomu var” ifadəsi qarşısında qızın valideyinlərindən “həri” alacaqlar. Deməli, azərbaycanlı üçün diplom həm də bir həyati məsələdir. Lazımgül oxumağa başlayır, onun artıq institutdan dost-tanışları da var, onlar parkda oturub “semiçka” çırtlamaqla, keçən qızların arxasına baxaraq şərh verməklə mədəni zaman keçirdirlər. Artıq Lazımgülün kumiri də var, dostlarından fərqlənmək üçün o, polad alemdara deyil də mematiyə özünü oxşadır. Sifətində senzurasız bir mimika alır, boğula-boğula da olsa siqaret çəkir, çünki memati belə edir. Lazımgülün problemli zamanları başlayır, hər axşam evdə “mənim telefonum köhnə modeldir, dostların yanında çıxartmaqdan utanıram” başlığı altında başlayan müzakirələr gedir və bir müddət sonra anası dözməyib də, “uşaq şişər e birdən, almaq lazımdır” deməyi ilə Lazımgülün gözlərinə işıq gəlir, çünki o da artıq dostlarından geri qalmayacaq, iki gün əvvəl dostunda əlikramın mahsumla DJ tərəfindən hazırlanmış duetini görmüşdü, lakin onu yaza bilməmişdi, sabah isə artıq bunu bacaracaq, ən əsas da telefonunda blutuz olacaq, bunun vasitəsi ilə o daha hər gün 20 qəpiyindən keçib də internet kluba gedib “sexs” yazıb da google-a əziyyət verməyəcək, o artıq blutuzu ilə birbaşa onanizm üçün öz telefonunu maraqlı videolarla təmin edəcək. Bunları görəndən sonra isə artıq onda azərbaycanlı üçün qadının ayaqları arasından başlayan qeyrət anlayışı da yarancaq. Dostunun sevdiyi qızla oral sekslə məşğul olmasını fəxrlə hamıya danışacaq, ancaq özü namuslu, anasının dediyi kimi halal süd əmmiş birini axtaracaq. 5-ci sinifdə oxuyan bir qızın əlindən tutub, onu aparıb-gətirəcək, 18 yaşına çatan kimi isə öz pedofil istəklərini nigah adı altında rəsmiləşdirərək bu qızcığazı özünə arvad edəcək, çünki yaş ötür, gec evlənsə Lazımgülün kişiliyinə şübhə edərlər, ayıbdır axı. Lazımgülə valideyinləri ən bahalı restoranda toy edirlər, çünki bilirlər ki, çox toylara gediblər, getdikləri isə mütləq gəlməlidirlər, baxmayaraq ki, evlənən Lazımgüldür, ancaq onun fikirlərini soruşan belə yoxdur. Toyun ilk gecəsində Lazımgül həyat yoldaşının qanını yorğan-döşəyə tökərək fəxrlə otağına buna şahidlik etmək üçün yengə çağırmağı özünə borc bilir, o, bəlkə də bunu heç zaman ağlına belə gətirməzdi, ancaq insanın heyvani düşüncələrini zamanla ona mentalitet adı altında yeridiblər. Bundan sonra isə atasının ona bir gün öncə verdiyi qızıl bir məsləhəti yadına salaraq “arvadın başından qapazı heç zaman əskik etmə” fikrini xatırlayır, qeyrətini qorumaq üçün yeganə çıxış yolunu məhz bunda görür. Lazımgülün bəxti onda gətirib ki, onun bacısı yoxdur, yoxsa öhdəliklərinin nə qədər olacağını təsəvvür etmək lazımdır. Aha, artıq onun dostları ibadətlə məşğul olmağa başlayır, Lazımgül isə onlardan geri qalmaq istəmir, hər gün əlində dini kitablarla gəzir və ibadət edir. Axşamlar dostları ilə bazlığa gedir, 10 manat fahişəyə pul verib deyə yazığı peşman edir. Evə qayıdıb dəstəmaz alır, namazını qılıb, yatır. O, artıq Allah adamıdır, mömindir. Bir dəfə əlinə fəlsəfi bir kitab keçmişdi, ona şeytanın lənətlənmiş kitabı damğasını vuraraq bir kənara atır, çünki başqa bir şey oxumaq da ona haram buyurulub. Sabah uzun saqqal saxlayıb, şalvarını qısaldaraq özünü klona oxşatsa heç də şübhələnməmək lazımdır. Əslində, onun heç bir günahı yoxdur, o gözünü açandan ətrafında və içində olduğu cəmiyyətdə doğru kimi yalnız bunları görür. Lazımgülün öz doğruları yoxdur, o, başqasını doğru bildikləri ilə yaşamağa öyrəşib. Lazımgül kimi bu cəmiyyətdə həddindən çox azərbaycanlı var, onların fikirlərində sadəcə olaraq, inqilab etmək lazımdır. Onlar bəlkə də bir balaca təkan gözləyirlər, ancaq bu təkanı verəcək insanların sayı nə qədərdir bax, onu artıq demək olmur.

Realium

Hiç yorum yok: